Fəlsəfə, mistika, siyasət və ədəbiyyat

Dərc edildi: Aprel 21, 2014 anonymusdrakula tərəfindən Fəlsəfə, Ədəbiyyat içində
Etiketlər:, ,

Fəlsəfə, mistika və ədəbiyyat

Bertrand Russel

 Mistisizm və məntiq

Mistik aydınlanmanın ilkin və birbaşa nəticəsi həmin bu dərketmə yolunun mümkünlüyünə inamdır. Bu yol, vəhy ya da intuisiya adlandırıla bilər. Bu yol, illüziya bataqlığına kor bələdçilik edən mülahizə və analiz duyğularına ziddir. Hadisələr aləminin “o biri tərəfi”ndəki və tamam fərqli reallıq haqda təsəvvür də bu inamla sıx bağlıdır.

Məqalə ilk dəfə 1914-cü ilə Hibbert Journal dərgisində nəşr edilib.

Metafizika, və ya dünyanı bütöv dərketmə, hər zaman iki əsas insan impulslarının vəhdət və münaqişəsində gəlişmişdi. Bu impulslardan biri mistisizmə, digəri isə elmə sövq edirdi. Bəzi insanlar birinci impulsun, bəziləri də yalnız ikincinin arxasınca gedərək böyüklüyə çatmışlar. Örnəyin, Yumda elmi impuls tamamilə hökm sürür, Bleykdə isə elmə olan ədavət, dərin mistik təsirlə yanaşı yaşayır. Lakin filosof adlandırdığımız böyük insanlar isə eyni zamanda həm elmə, həm də mistisizmə ehtiyac duyurdular. Onların həyat amacları hər ikisini də ahəng şəkildə birləşdirməyə cəhddən ibarət idi. Məhz bu alternativin yorucu qeyri-müəyyənliyini ortadan qaldırma, fəlsəfəni elm və dindən daha yüksək məşğuliyyətə çevirir.

Elmi və mistik impulsların ətraflı xasiyyətnaməsini vermədən öncə bunları iki filosofun örnəyində əyani olaraq göstərəcəyəm. Bu insanların şübhəsiz böyüklüyü hər iki sahəni orqanik birləşdirə bilmələri ilə müəyyənləşirilir. Heraklit və Plaronu nəzərdə tuturam.

Məlum olduğu kimi, Heraklit ümumi dəyişikliyə inanırdı: zaman hər şeyi yaradır və məhv edir. Çox az qalmış fraqmentlərdən Heraklitin öz baxışlarına necə gəlib çıxdığını anlamaq asan deyil. Lakin onun bəzi mülahizələri guman etməyə vadar edir ki, bunların mənşəyi elmi müşahidə olmuşdur. O deyir: ” Gözlə görülə bilən, qulaqla eşidilə bilən və öyrənilə bilən hər şeyi üstün tuturam”. Bu, müşahidəni Həqiqətin yeganə zamini sayan empirikin dilidir. Başqa bir parçada “Nəinki hər gün yeni günəş doğur, günəş belə özü daima təzələnir”, deyilir. Paradoksal xasiyyətinə baxmayaraq, bu fikir də elmi refleksiyanın açıq-aydın nəticəsidr. Burada bir sualla bağlı düyün çözülür: yerin altında qərbdən şərqə günəş bir gecədə necə yol gedir? Ola bilsin ki, məhz birbaşa müşahidələr Heraklit təliminin mərkəzi mövqeyini yaratmışdı. Bu mövqe, bütün görünən əşyalar vahid dəyişməz substansiya olan odun keçəri dönəmləridir fikrindən ibarətdir. Gerçəkdən də, yanmanı müşahidə edərkən əşyaların öz görünüşünü tamamilə dəyişməsini, alov dilləri və istisinin isə havaya qalxıb yox olmasını görürük. Heraklit deyir: “Hamıya eyni olan bu dünyəvi qaydanı nə allahlardan, nə insanlardan heçkim yaratmamış, o həmişə olmuş, indi də olan və gah alışan, gah da sönən əbədi yaşayan od olacaqdır”.

“Odun dəyişmələrindən birincisi dənizdir: dəniz isə yarısı torpaq, yarısı hava axınıdır”.

Bu nəzəriyyə çağdaş elm üçün qəbul edilməz olsa da, öz ruhuna görə elmidir. Ola bilsin ki, Platonun istinad etdiyi məhşur “eyni çaya girənə hər dəfə yeni sular axır” kəlamı da elmdən ilhamlanıbmış. Bir başqa parçaya da rast gəlirik: “Eyni sulara həm giririk, həm də girmirik; biz həm mövcuduq, həm də mövcud deyilik.”

Mistik olan bu müddəanı Platonun gətirdiyi və elmi olan müddəasıyla qarşılaşdırma (müqayisə) bu iki ənənənin Heraklit sistemində nəcə ahəng birləşdiyini göstərir. Mahiyyət etibarı ilə mistisizm, Kainat haqdakı təsəvvürlərimizə gərgin və dərin inam hissinə yaxındır. Məhz duyğu elmə söykənən Herakliti həyat və dünya haqda olduqca qəribə və kəskin bir fikri söyləməyə vadar edir: “Əbədiyyat, şaşki düzüb oynayan bir uşaqdır: dünya üzərinə hakimlik uşağa mənsubdur”.

Elm yox, yalnız poetik təxəyyül, zamanı (zaman anlayışını), tamamilə məhsuliyyətsiz uşaq şıltaqlığına malik olan despotik dünya sahibinə bənzədə bilər. Əksliklərin bərabərliyi düşüncəsinə də Herakliti məhz mistisizm gətirib çıxarır. O deyir: “Xeyir və şər mahiyyətcə eynidir”, “Tanrıda hər şey gözəldir, yaxşı və ədalətlidir; insanlarsa bir şeyi ədalətli, digərini ədalətsiz sayır.”

Heraklit etikasının əsasında da mistisizm az deyil. Çox guman ki, “İnsanın xasiyyəti onun iblisidir” fikri yalnız elmi determinizmdən ilhamlanmış, amma ancaq mistik olan şəxs deyə bilərdi ki, “hər sürünən canlı qamçıyla yemə tərəf qovulur”, “ürəklə mübarizə etmək çətindir. Çünki o, arzularının hər birini ruhun bahasına alır”, “müdriklik, hər şeyi hər şeydə idarə edən düşüncəni dərk etməkdir”.

Misalları artırmaq da olar, lakin bu adamın xasiyyətini anlamaq üçün yuxarıda verilənlər də kifayətdir: ona elə gəlirdi ki, elmi faktlar gəlbindəki alovu qidalandırır və o, dünyanın dərinliklərinə baxmaq üçün öz daxili, yarıb keçən və hər şeyi udan atəşinin parıltısını oraya yönəldirdi.Bu xasiyyətə malik insanda biz mistikaçı və alimin həqiqi vəhdətinə rast gəlirik ki, bu da təfəkkür sahəsində mümkün olan ən ali nailiyyətdir.

 

Platonda da həmin o ikili impuls vardır, amma mistik element daha güclüdür, kəskin münaqişələrdə də həmişə qalıb gəlir. Onun mağara təsviri, bilgi ilə reallığın bilgi ilə duyğu reallığından daha həqiqi və daha real olmasına inamın klassik xülasəsidir. /…/ [1]

Platonun bütün təlimindəki kimi, bu parçada da fəlsəfi ənənəyə dönmüş, indi də hələ geniş yayılmış, həqiqi gerçək olanla xeyir olanın eyniləşdirilməsinə rast gəlirik. Platon, xeyirin qanunvericiliyini qəbul edərək fəlsəfəylə elm arasında elə bir yarıq açıb ki, ondan, fikrimcə, hər iki tərəf ziyan çəkib, indi də ziyan çəkməkdədir. Alim, ümüdləri nə ilə bağlı olmasına baxmayaraq, təbiəti öyrənərkən onlardan yayınmalıdır; həqiqətə çatmaq istəyirsə, bunu filosof da etməlidir. Həqiqət müəyyən ediləndən sonra etik mülahizələrə haqq verilər yalnız. Etik mülahizələr, duyğularımızın həqiqətə olan münasibətini müəyyənləşdirdiyində və həyatımızı həqiqətə uyğun təşkil etmək üsulu kimi yarana bilər və yaranmalıdır; lakin bu həqiqətin necə olacağını onlar diktə etməməlidirlər.

Platonun əsərlərində onun ağlının elmi tərəflərini göstərən elə yerlər var ki, bunu o özü aydın dərk edir, yəqin ki. Bu anlamda ən diqqətə layiq parça, hələ gənc olan Sokratın Parmenidə ideyalar nəzəriyyəsini izah etməsidir.

Sokrat, saç, kir və çirkab kimi şeylərin deyil, xeyir ideyasının olduğunu anladandan sonra, Parmenid, “hətta ən pis əşyalara da etinasızlıq göstərməməyi” Sokrata məsləhət verir, bu məsləhət də söyləyənin əsil elmi tərzdə ağılını sərgiləyir. Fəlsəfə öz böyük imkanlarını realizə etmək istəyirsə, ali reallığın içinə mistik girişmə və gizli xeyir qərəzsizliklə uzlaşdırılmalıdır. Bu uzlaşmaya nail ola bilməmə idealistik fəlsəfəni əksərən zəif, cansız və xəyali etmişdir. İdeallarımız dünya ilə nigahda bar verə bilər yalnız, təklikdə onlar barsız qalır. Amma ideal, faktdan qorxursa, ya da dünyanın əvvəlcədən onun istəklərinə tabe olmasını tələb edirsə, bu birlik baş tutmaz.

Parmenid, bütün Platon təfəkküründən keçən mistisizmdə çox ilginc bir mövzunun banisidir. Bu mistisizm “məntiqi” adlandırıla bilər, çünki o, məntiqə aid olan nəzəriyyələrdə ifadə edilib. Bu cür mistisizm Parmeniddən başlayaraq Hegel və onun ən yeni şagirdləri ilə bitən bütün mistik yönlü böyük metafiziklərin mülahizələrində əsas rol oynayır.[2] Parmenid deyir ki, reallıq yaradılmamış, dağıdılmaz, dəyişilməz, bölünməzdir; o, nə əvvəli, nə də sonu olmayan “böyük buxovların hüdudlarında hərəkətsizdir, çünki yaranış ilə ölüm, sübut həqiqətiylə kifayət qədər ondan uzağa atılıb”. Fundamental prinsip, Hegelin fikrinə bənzədilə bilən bu fikirlə ifadə edirib: ” Olmayan şeyi bilmək olmaz, bu mümkünsüzdür, bunu ifadə etmək də mümkünsüzdür; çünki düşünülə bilən şey ola da bilər – bunlar eyni şeydir.” Bir də: “Düşünə və deyə bildiyimiz lazım və olası şey vardır; çünki bunun olması mümkündür, olmayan şeyin də olması mümkünsüzdür.” Bu prinsipdən belə nəticə çıxır ki, dəyişmə mümkünsüzdür; çünki olmuş haqda danışmaq olar və, deməli, prinsipə görə, o hələ var.

Hər çağda və dünyanın hər yerində mistik fəlsəfə, nəzərimizdən keçirdiyimiz bu iki təlimdəki bir sıra qənaətlərə söykənirdi.

Birincisi, bu, diskursiv analitik dərkə zidd olan intuitiv girmə bacarığına inamdır; müdriklik yoluna inamdır: məcburediciliyə malik olan qəflətən aydınlanma yoluna inamdır. Bu yol, zahiri hadisələrin dərkində yavaş və səhvlərlə dolu, duyğulara söykənmə xüsusuyyətli elmi yolun əksidir. Fikrini daxili həyacanlarında cəmləşditməyi bacaran hər kəs, gərək ki, nə vaxtsa ətraf aləmin gerçək olmamasını duyubdur; gündəlik şeylərlə bağlantı yoxa çıxır, xarici dünya öz e′tibarlılığını itirir, adama da elə gəlir ki, tamamilə təkliyə düşmüş ürək öz dərinliklərindən dəli kimi rəqs edən, indiyədək gerçək olmuş və bizdən asılı olmayaraq yaşayan fantastik kabusları üzə çıxardır. Bu, mistik açılımın neqativ yanıdır: adi biliyə qarşı doğan şübhə, ali müdriklik olanı qavramağa yardım edir. Neqativ təcrübə ilə tanış olanların çoxu bundan o tərəfə getmir, amma mistik üçün bu, daha geniş dünyaya bir qapıdır.

Mistik açılım sirr açılması və gerçək müdrikliyin qəflətən aşkarlanması duyğusundan başlayır. Həqiqətin aydınlığı, açıqlığı duyğusu hansısa konkret anlamadan daha öncə gəlir. Bu sonuncu, açılım anında əldə edilən tələffüz ediləmməyən təcrübə üzərində refleksiya nəticəsidir artıq. Gerçəklikdə bu məqamla bağlı olmayan e′tiqadların sonralar onun cazibə sahəsinə düşməsi az deyil. Buna görə də mistiklərin baxışlarına şərik olan düşüncələrə əlavə olaraq onların bir çoxunda başqa, xüsusi və keçici fikirlərə də rast gəlirik ki, bu fikirlər subyektiv mötəbərliyini gerçək mistik olanla qovuşma sayəsində qazanmışlar. Belə əhəmiyyətsiz artırmalara diqqət yetirməyə bilərik, bütün mistiklərin şərik olduğu məsləklərlə də kifayətlənə bilərik.

Mistik aydınlanmanın ilkin və birbaşa nəticəsi həmin bu dərketmə yolunun mümkünlüyünə inamdır. Bu yol, vəhy ya da intuisiya adlandırıla bilər. Bu yol, illüziya bataqlığına kor bələdçilik edən mülahizə və analiz duyğularına ziddir. Hadisələr aləminin “o biri tərəfi”ndəki və tamam fərqli reallıq haqda təsəvvür də bu inamla sıx bağlıdır. Bu reallığa heyrət çox vaxt ona səcdəyə gətirib çıxarır; hesab edilir ki, o, duyğu təsəvvürlərindən oluşan nazik pərdəylə örtülmüş, hər zaman, hər yerdə yaxındadır. Həssas ağıl üçün bu reallıq, şübhə doğurmayan insan cahilliyi və qüsurları arasından belə bütün əzəmətiylə parlamağa hazırdır. Şair, rəssam və aşiq bu parıltını axtarmaqdadırlar: bunların görmək istədikləri gözəllik onun yalnız zəif in′ikasıdır.

Lakin mistik (mistik şəxsiyyət), bütöv bilgi işığında yaşayır: başqaların ancaq dumanlı duyduqlarını o aydın görür, onun bilgisi də elədir ki, hər hansı başqa bir bilgi onun yanında cahilliyə bənzəyir.

Mistisizmin ikinci cəhəti vəhdətə inam və nədəsə ziddiyət ya da fərq görməkdən imtinadır. Heraklit, “xeyir və şər mahiyyətcə eynidir” söyləyirdi; həmçinin o deyirdi ki, “yuxarı və aşağıya gedən yol həmin yoldur.” Bir-birinə əks olan fikirlərin eyni zamanda təsdiqində də bu yanaşma üzə çıxmaqdadır: “Eyni sulara həm giririk, həm də girmirik; biz mövcuduq və mövcud deyilik.” Reallığın bir və bölünməz olması haqda Parmenidin müddəası həmin vəhdət impulsundan qaynaqlanmaqdadır. Platonda bu impuls çox da gözə çarpmır, ideyalar nəzəriyyəsi ilə onun sürətinin qarşısı alınır; lakin Platonun məntiqi imkan verdiyi qədər xeyirin əsas anlam olması haqda təlimdə o yenə də üzə çıxır.

Demək olar ki, bütün mistik metafizikanın üçüncü cəhəti zaman reallığının inkarıdır. Bu, fərqlərin inkarı nəticəsidir: hər şey birdirsə, keçmiş və gələcəyin fərqi illüziya olmalıdır. Parmeniddə bu təlimin ön plana çıxdığını görmüşük; Yeni çağ filosofları arasında isə bu, Spinoza və Hegel sistemləri üçün fundamentaldır.

Araşdırmamız gərəkən mistisizmin son qənaəti budur ki, hər bir şər, analitik intellektin “fərqləri” və “ziddiyyətləri”ndən” yaranan illüziya sayılır. Mistisizm, örnəyin, qəddarlıq kimi anlayışları xeyir saymır, lakin onların reallığını inkar edir: onlar ən ibtidai kabus aləminə məxsusdurlar ki, bizi onlardan qurtaran dəlib keçən görmə qabiliyyəti olmalıdır. Hərdən – məsələn, Hegeldə və Spinozada (hər halda sözdə) – nəinki şər, xeyir də illüzor sayılır; eyni zamanda reallıq sayılana emosional münasibət, təbii şəkildə reallığın bərəkət olmasına inama bənzədilir. Bütün durumlarda mistisizm etikası üçün səciyyəvi olan sevinc və xeyirxahlıqdır, hiddət və ya e′tirazın yoxluğudur, xeyir və şərin iki düşmən düşərgəyə ayrılma qaçınılmazlığına inamsızlıqdır. Bu yanaşma mistik təcrübənin birbaşa nəticəsidir: sonsuz rahatlıq duyğusu mistik birlik duyğusuna bağlıdır. Hətta belə bir şübhə də yaranır ki, mistik təlimin tərkib hissələrini təşkil edən, bir-birinə bağlanmış baxışların bütöv sistem oluşdurmasına səbəb – yuxularda olduğu kimi – rahatlıq duyğusudur. Lakin bu çətin məsələdir, bunun çözülməsi naminə də bəşəriyyət çətin ki yekdilliyə çata bilsin.

Beləliklə, mistisizmin həqiqi və ya qeyri-həqiqi olması ortaya dörd sual qoyur:

I. İdrak və intuisiya adlandırıla bilən iki dərk etmə yolu mövcuddurmu?

II. Hər bir çoxluq və hər bir fərq illüzordurmu?

III. Zaman qeyri-realdırmı?

IV. Xeyir və şər hansı reallıq növünə aiddirlər?

Ardıcıllıqla həyata keçirilmiş mistisizm mənə yanlış görünsə də, düşünürəm ki, mistik əhvali-ruhiyyədə heç bir digər üsulla əldə edilə bilinməyən müəyyən müdriklik elementi var. Həqiqət burdadısa, onda mistsizm dünyaya baxış sistemi deyil, həyata münasibət olacaqdır. Məncə, metafizik inanc, insan fikrini və duyğularını ilhamlandırmasına, onun ən saf ideallarını qidalandırmasına baxmayaraq emosiyalardan doğmuş yanlış nəticədir. Mistisizm dərin ehtiramın içində yaşayıb inkişaf edir. Mistikin bir andaca yiyələndiyi mötəbərliyə birbaşa antitez olan elmin ehtiyyat və səbrlə apardığı həqiqət tədqiqatını da o dərin ehtiram ruhunun yardımıyla becərib bəsləmək mümkündür.

I

İdrak və intuisiya

Mistik aləminin real və ya qeyri-real olması haqda mənə heçnə mə′lum deyil. Mənim nə onun reallığını inkar etməyə, nə də vəhyinin həqiqi vəhy olub-olmamasını sübut etməyə həvəsim yoxdur. Demək istədiklərim isə bunlardır: (elə burada elmi yanaşma mütləq şərtə dönüşür): yoxlanılmamış və faktlara söykənməmiş insayt, bir çox ən önəmli həqiqətlərin onun köməyi ilə tapılmasına baxmayaraq, həqiqiliyə yetərincə zəmanət vermir. Adətən instinkt və idrakın bir-birinə zidd olduqlarından danışırlar; XVIII əsrdə üstünlük idraka verilirdi, amma Russo və romantiklərin təsiri altında instinktə yönəlməyə başladılar: ilköncə onu idarəetmə və təfəkkürün süni formalarına qarşı çıxanlar seçirdi. Sonralar isə, ənənəvi teologiyanın sırf rasional müdafiəsi get-gedə çətin məşğulliyətə çevrildikcə, spiritualizmlə bağlı həyata və dünyaya baxışlara qarşı elmdən gələn təhlükəni duyanların hamısı instinktə üstünlük verməyə başlayır. Berqson, instinkti “intuisiya” adlandıraraq onu metafizik həqiqətin yeganə meyyar yüksəkliyinə qaldırdı. Lakin instinktlə intellektin ziddiyəti əslində illüzordur. İnstinkt, intuisiya və ya insayt, sonrakı düşüncələrlə təsdiqlənən və ya təkzib edilən ideyalara ilk öncə gətirib çıxardan bir şeydir. Mümkünsə, təsdiq, başqa ideyalarla uyğunlaşmadır. Öz növbəsində bu başqa ideyalar intuitiv xasiyyətə heç də az malik deyil. İdrak, yaradıcı yox, daha çox ahəngləşdirən, nəzarət edən qüvvədir. Hətta təmiz məntiqi sahədə də yeni bilgini ilkin olaraq insayt əldə edir.

İnstinktlə idrakın gerçəkdən də münaqişəyə girdikləri sahə insanların instinktiv tapındıqları ayrı-ayrı əqidə sahələridir.Bu tapınmalara elə qətiyyətlə sarılırlar ki, başqa dünyagörüşlərlə uyğunsuzluqların heç biri onlardan imtinaya gətirib çıxara bilməz. Digər insan bacarıqları kimi instinkt də yanlışlıqlara asanca yol verir. İdrakı zəif olanlar bunu özlərində deyil, başqalarında görürlər. İnstinktin ən az yanlışlıqlara uğradığı yer praktiki işlərdir ki, burada doğru mülahizə sağ qalmağa yardım edir; örnəyin, başqalarındakı mehribanlıq və ya düşmənçilik ən məharətli maskalara baxmayaraq çox vaxt fərasətlə tanınır. Lakin belə hallarda da öz daxilini gizli saxlamağı bacarmaqla və ya yaltaqlığa əl atmaqla yanlış təəsurat yaratmaq olur. Birbaşa praktiki işlərlə əlaqəli olmayan, məsələn, fəlsəfənin məşğul olduğu, ən möhkəm instinktiv etiqadlar, hərdən tamamilə yanlış olur ki, bunu da biz onların digər möhkəm etiqadlarla açıq-aydın uyuşmadığından öyrənirik. /…/ İdrak, instinkti məhv etməyə yox, birtərəfliliyi düzəltməyə yönəlibdi. /…/

 

Bertrand Russel

 

İxtisarla çevirdi İlahə Ucaruh

 

David Leman-Qadın kişini sevəndə

Qadın Marqarita* deyərkən, daykirini** nəzərdə tutur.
Qadın “xəyalpərəst” dediyi zaman, “dəyişkənliyi” nəzərdə tutur.
Və o, “Heç vaxt səni dindirməyəcəm” deyəndə,
“Mən qəmli halda pəncərənin qarşısında dayananda,
arxandan qollarını belimə dola” demək istəyir.
Kişi bunu bilməlidir.
Kişi qadını sevdiyi zaman, o, Nyu-Yorkda olur, qadın isə Virciniyada
və ya o, Bostonda yazır, qadın isə Nyu-Yorkda oxuyur və yaxud
qadın Balboa Parkında əynində sviter gözündə eynək,
o isə İtakada yarpaqları dırmıqlayır və yaxud da
kişi maşınla İst-Hempton istiqamətində gedir,
qadın isə rəngbərəng yelkənli qayıqların yarışdığı
körfəzə açılan pəncərənin önündə hüznlü halda dayanır.
O isə bu vaxt Lonq-Aylend şosesində tıxaca düşür.
Qadın kişini sevdiyi zaman, gecə saat ikiyə on dəqiqə işləyir,
qadın yatıb, o isə duzlu krendel yeyə-yeyə, limonad içə-içə idman verilişinə baxır,
iki saat sonra kişi yuxudan oyanır və yırğalana-yırğalana qadının ilıq bədəninin uzandığı çarpayıya doğru yeriyir.
Qadın “Sabah!” deyərkən, üç-dörd həftədən sonranı nəzərdə tutur.
O, “Biz indi mənim barəmdə danışırıq” deyəndə kişi danışığı kəsir. Qadının ən yaxın rəfiqəsi gəlib çıxır və soruşur, “Kimsə ölüb?”
Qadın kişini sevdiyi zaman, onlar gözəl bir iyul günü
şəlalədə lüt çimməyə gedirlər.
Su şırıltı ilə hamar daşların üzəri ilə axır
və kainatda yad olan heç nə olmur.
Dəymiş almalar onların yanında yerə düşür.
Axı, o almaları necə yeməyə bilərlər?
Kişi, “Keçid dövründə yaşayırıq” deyəndə,
qadın qurtum-qurtum içdiyi martini kimi quruca
“Çox orijinal fikirdir” deyə cavab verir.
Onlar durmadan mübahisə edir.
Məzəlidir.
-Nə istəyirsən canımdan?
-Elə biri üzr.
-Yaxşı, üzr istəyirəm, ay səfeh.
Üzərində “Gülüş” yazılmış lövhə qaldırılır.
Bu donmuş bir şəkildir.
“Öpüşsüz dəli olmuşam” qadın deyir,
“bu barədə mənə təklif irəli sürə bilərsən” və bu ingilis ləhcəsində əla səslənir.
Onlar bir ildə yeddi dəfə ayrıldı və doqquz dəfə də
ayrılmaqla bir-birilərini hədələdilər.
Qadın kişini sevdiyi zaman, kişinin onu
xarici ölkədə “Jeep” maşını ilə qarşılamasını istəyir.
Kişi qadını sevdiyi zaman, orada onu gözləyir. O, qadının iki saat
gecikməsinə və soyuducunun bomboş olmağına görə şikayətlənmir.
Qadın kişini sevdiyi zaman, oyaq qalmaq istəyir.
O, günün sona çatmasını istəmədiyi üçün ağlayan uşaq kimidir.
Kişi qadını sevdiyi zaman, yatmış qadını seyr edərək düşünür:
“Gecəyarı aya yaraşdığı kimi yuxu da sevgilisinə yaraşır”.
Onun gözü önündə minlərlə işıldaquş sayrışır.
Qurbağaların səsi orkestrin simli alətlər bölməsinin məşqini xatırladır.
Ulduzlar üzümşəkilli sırğalar tək aşağı sallanır.

*. Tekila, limon və ya laym şirəsi və şəkərdən düzəldilən kokteyl.
**. Rom, laym şirəsi və şəkərdən düzəldilən kokteyl.
David Leman 1948-ci ildə Nyu-Yorkda anadan olub. Kolumbiya universitetini bitirdikdən sonra təhsilini İngiltərədə Kembric universitetində davam etdirib. Bu universitetdə doktorluq dərəcəsi alıb. David bir sıra şeir kitablarının müəllifidir. Bunlardan: “Kişi qadını sevdiyi zaman” (Skribner dükanı, 2005), “Cim və Deyv maskalı şəxsi məğlub edir” (Ceyms Kummins ilə birgə, Soft Skull nəşriyyatı, 2005), “Axşam günəşi” (2002), “Deyli Mirror” qəzeti: “Şeir jurnalı” (2000), “Valentinin yeri” (1996), “Əməliyyat xatirəsi” (1990) və “Nitqə alternativ” (1986) adlarını çəkmək olar.
O, “Ən yaxşı amerikan poeziyası” seriya kitablarının redaktoru, Poeziya Seriyasından Kitablar üzrə Miçiqan nəşriyyatının baş redaktorudur.
Leman Quqqenheym və İnqram Merrill, İncəsənət üzrə Milli Qrant fondlarının üzvüdür. Amerika İncəsənət və Yazarlar Akademiyasının və Lila Uollos-Reader’s Digest Writer’s mükafatlarına layiq görülmüşdür. O, New School və Nyu York Universitetlərində çalışır və Nyu York şəhərində yaşayır.

Tərcümə : Xaqani Əliyev

 

 

Umberto Eko – Bu çılğın, çılğın dünya
Mən dəhşət içindəyəm, hələ də “Da Vinçi Kodu” nun oxucuları kilsə və muzeyləri gəzib, İsanın “həqiqi tarixi”iylə bağlı sübutlar axtarırlar. Görəsən onlar yenəmi Berluskoniyə səs verəcəklər?

Ətrafda baş verənlər artıq heç kimin vecinə deyil. Gün boyu biz hər yanda komediyalara mövzu olacaq çoxlu hadisələrlə qarşılaşırıq, lakin insanlar artıq bütün bu baş verənləri adi şeymiş kimi qarşılayır. Misal gətirək : Buş İraqda müharibə başlamamışdan əvvəl Berluskoni onun yanına gedir (Berluskoninin özü tərəfindən etiraf edilmiş və bütün qəzetlərdə dərc edilmiş faktdır) və yeni bir müharibəyə ehtiyac olmadığını deyir. Bundan sonra Buş dəniz piyadalarını İraqa göndərir və Bağdada bombalar yağdırılır.

Berluskoni Putini villasına dəvət edir, səmimiyyətlə onun əlindən tutur və deyir : “Bizi də yada sal”. Bundan sonra Putin İtalyaya təbii qaz nəqlini məhdudlaşdırır. Berluskoni Qəddafinin yanına gedir, qayıdır və elan edir ki, bizdə hər şey əla gedir (bunu deyərkən iki baş-barmağını birləşdirirərək gülür), xırda-xuruş anlaşılmazlıqlar var idi, həll etdik – deyib bizi razı salmağa çalışır. Bundan sonra, Qəddafi İtalyanı qırğına verməklə hədələyib, bizə qəzəb püskürür. İndi isə o Amerika Konqresində çıxış etməyə gedərkən, təsəvvür edirəm ki, ABŞ bizə ən azı Atom bombası Bir sözlə məhşur deyimdəki kimi, biz onu qaş düzəltməyə gödəririk, o vurub göz çıxarır, sonra üstümüzə sarı qayıdır. Bir yandan da İtalya kimi biganə insanların yaşadığı ölkədə onun televizyalarda hoqqabazlıq etməsi və hələ də insanların tən yarısı tərəfindən ciddi qəbul edilməsi normaldır.

İkinci məsələ “Da Vinçi Kodu” kitabı haqqındadır. Bütün həyatı boyu bir dəfə də mistik ədəbiyyatla maraqlanmamış adam anlayar ki, Den Braun bu kitabı yazarkən klassik dedektiv roman ənənlərini istifadə etməkdən savayı heç bir yeni iş görməyib. Ya da nə yazırsa yazsın gözlənilməz tarixi kəşf deyil, sadəcə özündən əvvəl bir neçə onillik ərzində yazılan Ryönn-lyo-Şato -nun sirləri, Yahudi üstünlüyünün mexanizmi, Müqəddəs Qraal camı, İsus və Maqdalina və s. kimi mövzulardakı kitablardan yararlanmışdır. Bununla belə mən heç də onu təkrarçılıqda günahlandırmıram, axı Qırmızı Papağın nağılını danışan adamı plaqiatda suçlaya bilmərik. O hər kəsə məlum olan materialları, əlinə keçən hər cür sousla bişirib, elə vəziyyətə gətirib ki, okkultizm vurğunları onu dərhal həzm edə bilsinlər. İş orasındadır ki, okkultizmi sevənlər ancaq artıq bildikləri şeylərə inanırlar və deməli əsərdə onların artıq bildikləri materialları nə qədər təkrarlasan o qədər çox uğur qazanarsan.

Həmçinin məlumdur ki, heç vaxt okkultizmlə maraqlanmayan insanlar belə, bestsellerlərin siyahısına baxır və mütləq orda müəlliflər Baigentin, Leig və Lincolnun (“The Holy Blood and the Holy Grail” -ın müəllifləri) adlarını görüb, mümkün olduqca onların bir kitabını əldə etmək istəyir. Bu kitablarda “Da Vinçi şifrəsi” nin əsasında duran bütün tarixi “sirrlər” -dən xəbər verilir. Onlara görə güya İsus çarmıxa çəkilməyib, Maqdalina ilə evlənib, Fransada hökmranlıq edən Merovinçi sülaləsinin əsasını qoyub, güya onun mistik gücü və yəqin ki, genetik kodaları da ötürülərək bu günki Yəhudi ağalığının yaranmasına gətirib çıxarıb. “Müqəddəs Qraal”ın indiki nəşrlərlərinin ön sözündə göstərilir ki, kitabın bütün məzmunu tarixi həqiqətlərdən ibarətdir və bütün bu “tarixi həqiqət”lər əslində müəllif fantaziyasının məhsulu olduğu haqqında bircə işarə belə verilməyib. Əksinə onlara görə əvvəllki əsərlərdə açıqlanan, ciddi qəbul edilməyən bütün bu tarxi faktları açıb elan etməyi özləri borc biliblər. Yalan danışmaq və bunu boynuna almamaq əxlaqsızlıqdır və mən təkrarən bunu nə üçün belə etdiklərini də izah edirəm. Çünki əvvəllər bir neçə on illik ərzində belə ədəbiyyatların Mançoninin dili ilə desək “küləyin qum təpəciyini hamarladığı kimi” satıldığını görən işbazlar, yenidən həmin işə girişdilər və demək olar uğur da qazandılar.

Əgər tarixi fakt kütlə tərəfindən saxtalaşdırılırsa (məslüçün güya Napaleon Müqəddəs Yelena adasında vəfat edib, güya Qaribaldiçilər Rubbatino adlı bir gəmi sahibinin iki gəmisi ilə Kvartoya gəlib çıxıb, güya Mussolino Bill və Pedro adlı iki oğlan tərəfindən həbs edilib) və publika tərəfindən ağlasığan bir versiya kimi qəbul edilirsə, dərhal kollektivin mülkiyyətinə çevrilir. Müəllifi kiminsə yaxşı uydurmasının əsasında tarixi roman yazmaqda günahlandırmaq olmaz.

Məhz bundan sonra Qaribaldiçilərin Rubbatinonun gəmilərində Kvartoya şanlı səfəri və s. kimi mövzularda romanlar ortaya çıxamağa başladı. Yaxud Baigent, Leigh və Lincolnun etdikləri saxtakarlıqlara nə deməli ? Bütün bunlar Den Brauna da plaqiatla məşğul olmağa imkan verir. Kütlə qarşısında bircə dəfə bütün yazılanların fantaziya məhsulu olduğunu etiraf etmək bəs edər ki, Den Braunun milyardlıq var dövlətindən məhrum olmasına gətirib çıxara bilər. Bu müəlliflərdən biri hətta var- dövlət xatirinə pasportunda ata adını dəyişməyə də cəhd etmişdir. Ona görə güya o öz atasının deyil, adətən anasının gizlincə qonaq etdiyi onlarla sirli dənizçilərdən birinin oğludur. Baigent, Leight və Lincoln mənim nə demək istədiyimi artıq anlayırlar. Ümumiyyətlə müəlliflərin nə yazdığı məni artıq düşündürmür, məni narahat edən odur ki, bütün bunları oxuyanlar (həm də bilirlər ki, Den Braun bu “tarixi” kəşfləri uydurulmuş və uydurma olduğu dəfələrlə etiraf edilmiş kitablardan götürüb) dünya üzrə bütün kilsə və muzeyləri gəzib, İsa və Maqdalinanın “həqiqi tarixi”iylə bağlı sübutlar axtarırlar.

Görəsən onlar yenəmi Berluskoniyə səs verəcəklər ?

Çevirən : Namiq Hüseynli

 Stiv Qudər. Bir stəkan süd

Hovard yoxsul bir ailənin uşağıydı. Yoxsulluğun ağrı acısından qurtarmaq üçün qapı-qapı düşüb xırdavat satırdı. Həm özünü, həmdə ailəsini öz qazancı ilə saxlayırdı.

O gün heç nə sata bilməmişdi, üstəlik də çox ac idi. Bundan sonra döyəcəyi ilk qapıdan yeməyə bir şey istəyəcəyinə qərar verdi.

Qapını açan gənc və yaraşıqlı qadını görəndə utandı. Yeməyə bir şey istəmək əvəzinə dili topuq çaldı:
– Bağışlayın, bir stıkan su verə bilərsiniz?

Gənc xanım uşağın ac ola biləcəyini düşünüb böyük bir stəkanda süd gətirdi. Uşaq südü yavaş-yavaş, qısa udumlarla içib süd qabını xanıma qaytardı:
-Borcum nə qədər olacaq?
Xanım gülümsəyib cavab verdi:
-Sənin mənə borcun yoxdur. Anam bizlərə göstərdiyimiz şəfqət və mərhəmətə görə qarşılıq gözləməməyi öyrədib.
Uşaq bir daha təşəkür etdi:
-Hər şeyə görə çox sağ olun. Sizə səmimi qəlbdən təşəkkür edirəm

Hovard Kelli o evin önündən ayrılanda özünü həm cismani, həm də ruhi cəhətdən rahat və güclü hiss edirdi.
Artıq illər keçmiş, tanıdığımız gənc qadın çox az təsadüf edilən bir xəstəliyə tutulmuşdu. Qəsəbə həkimləri çarəsiz qalıb, xanımı böyük şəhərlərin birinə müayinəyə və müalicəyə göndərmişdilər.

Həkim Hovard Kelli konsultasiya üçün çağırdığı xəstənin hansı qəsəbədən gəldiyini eşidəndə həyacanlandı. Əvvəlki qədər gənc və gözəl olmasada, qadını görən kimi tanımışdı və onun yaşaması üçün əlindən gələni edəcəkdi. Ona da bu cür öyrətmişdilər. Şəfqətli və nəzakətli olacaqdı.

Uzun sürən müalicədən sonra xəstə öz sağalmışdı. Həkim Kelli məbləğ yazılmaq üçün qabağına qoyulan qəbzə fikirli-fikirli baxdı, birdən sanki yeni bir şey kəşf etmiş kimi sevindi. Qəbzi bir zərfə qoymamışdan öncə, bəzi şeylər yazdı və qadının palatasına göndərdi. Xanım əlləri titrəyə-titrəyə zərfi əlinə aldı. Açmağa qorxurdu… Xəstəxanın borcunu ödəyə bilməyəcəyini bilirdi. Onu da bilirdi ki, həyatının qalan hissısini çalışıb ancaq bu borcları ödəyə bilər. Qarmaqarışıq fikirlər içində zərfi açdı. Qəbzə yapışdırılmış bir vərəq diqqətini cəlb elədi.
Vərəqin üstünə aşağıdakı sözlər yazılmışdı:
-“Bütün xəstəxana məsrəfləriniz qarşılığı bir stəkan südlə ödənilmişdir”.

 

Türkcədən çevirən: Cəlil Cavanşir
Jan Pol Sartrın aforizmləri

 

“Başqaları cəhənnəmdir”

Kulis.az məşhur fransız yazıçısı və filosofu Jan Pol Sartrın aforizmlərini təqdim edir:
-İntihar qaçış deyil, imtinadır.

-Eşq insanların şüurları birləşdirmək cəhdidir. Amma bu bekara cəhddir, çünki hər insan öz şüuruna məhkumdur.

-Ən böyük günah peşmanlıqdır.

-Əşyaların o biri üzü də var, adam onları dəli olanda görə bilir.

-Mənim kimi qoca inqilabçıya bu mükafatı görmək kapitalizmin intiqamından başqa bir şey deyil. (Nobeldən imtina edərkən deyilib)

-Cəhənnəm başqalarıdır.

-Müharibəni varlılar törədir, amma orda kasıblar ölür.

-Fikir azadlığından məhrum olmaq fikirləri ifadə etmək deyil, fikirdən məhrum olmaqdır.

-İnsan azadlığa məhkumdur. Onu dünyaya atıblar, etdiyi hər şeyə görə o məsuliyyət daşıyır.

-Mövcud olmaq susamadan su içməkdir.

 

Tərcümə: Qan Turalı
Milan Kundera – Roman sənəti və nəslin davamı

 

“Yüz ilin tənhalığı”nı oxuyandan sonra məni qəribə bir hiss bürüdü, sən demə bütün böyük roman qəhrəmanları övladsız olur. Gerçək həyatda əhalinin cəmi bir faizinin uşağı olmadığı halda, məhşur roman qəhrəmanlarının minimum əlli faizi özündən sonra nəsil qoymadan səhifələr arasında itib gedir. İstər Pantaqruel olsun, istər Panurq, istər Don Kixot, heç birisinin övladı yox idi. Təkcə onlarınmı? Heç “Təhlükəli Əlaqələr” filmindəki Valmonunun da, Markiza de Merteyin də, xeyirxah prezident arvadı madam de Turvelin də uşağı yoxdur. Ya da Henri Fildinqin ən məhşur personajı olan Tom Consun, həmçinin Hötenin gənc Verterinin də uşaqları yox idi.

Stendalın az qala bütün roman qəhrəmanları uşaqsızdır (ya da heç vaxt uşaqlarının üzünü görməyiblər), eyni şeyi Balzakın və Dostoyevskinin qəhrəmanlarının əksəriyyətinə aid etmək olar. Əgər keçən əsrə baxsaq “İtmiş zamanın axtarışında”əsərinin baş qəhərəmanı haqqında da və əlbəttə ki, Robert Muzilin əsas qəhrəmanları olan, Ulrix onun bacısı Aqata, Valter və onun arvadları Klarisse və Diotim haqqında da, Qaşekin qəhrəmanı Şveyk və Kafkanın bütün qəhrəmanları haqqında da eyni şeyi demək olar.

Doğrudur Kafkanın qəhrəmanı olan Karl Rossmanı istisna etmək lazımdır, ancaq o da xidmətçi qızı hamilə qoyduqdan sonra doğulacaq uşağı həyatından silmək üçün başını götürüb Amerikaya getmiş və ardınca belə bir romanın yaranmasına rəvac vermişdir. Haqqında bəhs olunan sonsuz qəhrəmanlar heç də yazıçıların şüurlu məqsədindən doğmayıb, roman sənətinin öz mahiyyəti (yaxud da bu sənətin şüuraltı tərəfləri) nəslin davametməsi ideyasınyla heç cür barışmır.

Haydeqqerin dediyi: “Roman ayrı-ayrı şəxsiyyətlərin yaratdığı “Yeni dövrün” təşəkkülü ilə, ortaya çıxdı” fikri hər şeyin əsasında dayanır. Romanın sayəsində Avropada insan şəxsiyyət kimi hökmünü göstərməyə başladı. Əslində, valideynlərimizin bizdən öncə necə yaşadıqları haqqında çox az şey bilirik, bizim yaxınlarımız haqqında biliklərimiz səthidir, sadəcə onların dünyaya necə gəldib getdiklərinə şahid oluruq, onlar dünyadan silinən kimi yerlərini başqaları tutur, onlar böyük bir əvəzlənmə qatarı yaradıblar. Məhz roman kütlə içindən bir nəfəri seçib başdan-başa onun həyatını, fikirlərini, duyğularını danışır, onu əvəzedilməz edir, o hər şeyin mərkəzində dayanır.

Don Kixot ölür və roman sona çatır, bu birdəfəlik sondur, çünki Don Kixotun uşaqları yoxdur, əgər uşaqları olsaydı onun həyatının bir davamı ola bilərdi, bəlkə onu yamsılayan ya da onu mühakimə edən birisi olacaqdı, bəlkə onu müdafiə edəcək ya da ona xəyanət edəcəkdilər. Atanın ölümü qapının arasını açıq qoyur, lap uşaqlıqdan başlayaraq biz dəfələrlə məhz bunu eşidirik, sənin həyatın uşaqlarında davam edəcək, sənin uşaqların, sənin ölümsüzlüyündür. Ancaq əgər mənim həyat hekayətim, şəxsi həyatım başa çatdıqdan sonra belə davam edə bilirsə, deməli mənim şəxsiyyətim yetkin bir şəxsiyyət deyil, onda hələ başa çatmamış nələrsə var, o təklikdə tam məna ifadə edə bilmir. Belə anlaşılır ki, fərdin içində əriyib yoxa çıxdığı, öz kimliyinin unudulmağına şərait yaratdığı, ailə, nəsil, söy-kökü, millət kimi tamamilə konkret, dünyəvi şeylər var. Bu “hər şeyin əsası” olan fərdin, bir neçə əsirdir Avropanın bəslədiyi, illüziyadan, xəyaldan başqa bir şey olmadığı anlamına gəlir.

Qarsia Markezin “Yüz ilin tənhalığı” kitabının sayəsində roman artıq fərdiyyətçilik xülyasıyla vidalaşıb, indi diqqət mərkəzində ayrıca bir fərd deyil, fərdlərin bir-birini əvəz etdiyi uzun bir zəncir dayanır. Onlar hamısı özünə görə unikal, təkrarsız olmaqla bərabər əsərin axınında ötəri bir işıq zolağı kimi gözə görünüb yox olurlar, hər bir fərd unudulmalıdır və onların hər biri bu haqda düşünür, heç bir qəhrəman əvvəldən axıra kimi romanın əsas siması olmur. Romandakı qəhrəmanların ulu nənəsi olan qoca Ursula yüz iyirmi yaşında dünyasını dəyişsə də roman bu hadisədən xeyli gec qurtarır. Burada diqqəti çəkən başqa bir məqam da var ki, bütün surətlərin adları bir-birinə bənzəyir, məsəlçün: Arkadio Xose, Xose Arkadio, ikinci Xose Arkadio, Aureliyano Buendia, ikinci Aureliyano. Müəllifin bunu etməkdə məqsədi, surətləri bir-birindən fərqləndirəcək cəhətləri dumanlı şəkildə təsvir edib oxucunun onları qarışıq salmasına nail olmaqdır. Onlar bütün cəhətləri ilə avropanın fərdiyyətçilik dövrünə yaddırlar. Bəs görəsən onlar hansı dövrə aiddirlər? Amerikanın hindu keçmişinəmi? Ya da ayrı-ayrı fərdlərin insan cinsi içərisində əriyib yoxa çıxacağı gələcəyəmi? Mənim fikrimcə bu roman, romançılıq sənətinin zirvə nöqtəsi olmaqla bərabər, ənənəvi roman dövrü ilə vidalaşmadır.

(“Le Monde” qəzeti, Fransa) 29/05/2007

Çevirəni: Namiq Hüseynli

Çarlz Bukovski – Marixuana ilə təhlükəli oyun

Bu yaxınlarda izdihamlı bir qonaqlığa qatıldım. Mənim üçün heç xoş olmayan haldır. Düzünü desəm, mən insanları sevməyən, qoca əyyaşam və onlarla birlikdə içməməyə çalışıram, ümidimi radioda Malerin ya da Stravinskinin musiqisinə bağlayıram.

Bütün bunlara baxmayaraq, mən oraya, ağlını itirmiş kütlənin arasına düşdüm. Durub səbəbini izah etməyəcəm, ola bilsin çox uzundur, ola bilsin çox qarışıq, ancaq təklikdə dayanıb pivəmi qurtumlayaraq bir yandan da oranın səs-küyünə qarışmış “Dorz”, “Bitlz” yaxud “Aeroplan”ı dinləyərkən ürəyim siqaret istədi. Mənimkilər qurtarmışdı. Adətən məndə tez qurtarır. Elə bu dəmdə bir az aralıda iki oğlan gördüm. Onlar söhbət edir, iradəsizcə əllərini qaldırıb-endirir, bədənləri xiyar kimi əyilmiş, boyunları ikiqat olmuş, əl barmaqları iylənmiş ət kimi sallanır, bir sözlə rezinə oxşayırdılar, eləbil bunları rezindən kəsib düzəltmişdilər. Onlar sağa-sola əyilir, uzanır, qısalır, sanki bu dəqiqə aşacaqdılar. Durub onlara yaxınlaşdım.

– Ey, siqaret varınızdı?

Bu zaman rezin parçaları durduqları yerdə yırğalanıb tullanmağa başladılar. Mən dayanıb baxırdım onlarsa, oyun çıxardır, atlanıb-düşürdülər.

– Biz çəkmirik ağsaqqal! AĞSAQQAL, biz heç… siqareti hopdurmuruq.

– Yox ağsaqqal, biz çəkmirik, bax belə, deməli, necə, yox, ağsaqqal.

– Xlop-şlyop. Top-xlop -deyə rezinlər təkrarladılar.

– Biz Ma-li-bu-u-u -ya gedirik, ağsaqqal! Aha, biz Mallli-bUUUYA! gedirik ağasaqqal, biz gedirik Ma-li-buuuu!

– Elədir, ağsaqqal!

– Elədir, ağsaqqal!

– Aha!

– Top-xlop ya da şlyop-şlyop.

Onlar mənə adam kimi, siqaretləri olmadığını deyə bilmədilər. Gərək durub, nəzər nöqtələrini, dinlərini açıb desinlər ki, siqareti ancaq kütbeyin düdəmələr çəkir. Bunların işləri-gücləri Malibuda yığışmaqdır. Malibuda hansısa rahat, sakit nəşəxanalardan birində yığışıb nəşə çəkmək.

Bəzi cəhətləri ilə onlar mənə “Watchtower” döngəsində dayanıb, nəşə satan kaftar arvadları xatırladılar. LSD, STP, marixuana, heroin, həşiş, reseptlə buraxılan öskürək dərmanlıarının alüdəçiləri “Watchtower” arzusunundan əziyyət çəkirlər. Sən də onların yanında olmalısan oğlan, əks halda sənin başın dərtdədir, sən ölü kimisən. Narkotika istifadəçisi olmayanlar üçün belə tərifnamələr qarşıqoyulmaz, yalançı ehtiyaca çevrilir. Təsadüfi deyil ki, onlar gedib təkbaşına nəşələrini hopdurmağı özləri əskiklik bilirlər, gərək şəxsi zövqdən ötəri, mütləq hamının eşidəcəyi tərzdə nəşəni təbliğ etsinlər. Bu azmış kimi, bunu həm də incəsənətlə, sekslə, cəmiyyətdə yaşamaqdan imtina ilə bağlayırlar. Onların Turşumuş Tanrısı, Liri (Timati Liri – narkotikanı təbliğ edən Amerikan yazıçısı və psixoloqu) əmr edir ki: “cəmiyyətdən uzaqlaşın, mənim arxamca gəlin”, daha sonra şəhərdə bir zal kirayələyir, sonra onun boş-boş danışıqlarını dinlədikləri üçün adambaşına beş dollardan yığır. Sonra onun yanında Allen Qinzberq peyda olur, o da təntənəli surətdə böyük şair Bob Dilanı səhnəyə dəvət edir. Bütün bunlar hələ uşaq qarşokundan düşməmiş, məşhurların özünü reklamıdır. Bu da sənin Amerikan.

Belədir də, tanrı onların yanındadır bu artıq başqa söhbətin mövzusudur, onları havda saxlayan çoxlu əl və çox az baş var. Qayıdaq “səbəbkarlarımız” olan, marixuana sevənlərə. Onların danışıqları. Zordur, ağsaqqal, dəmləmək, əjdaha, bizim uşaqlar, onların uşaqları, lomka, lox, bicbala, piston, quşbala, babalıq və sayr və ilaxır. Eyni sözləri mən hələ 1932 -ci ildən, mənim 20 yaşım olanda eşitməyə başlamışam. Üstündən iyirmi beş il keçib və hər addımda eşidilməklərinə baxmayaraq narkotik aludəçiləri xüsusi hörmət sahibi deyillər. Əsasən də onlar narkotik istifadə etməyi ali təbəqənin əlaməti hesab edərkən dərindən yanılırlar. Bu söz yaradıcılığının kökü əsasən, qaşıq və şprisli insanlar olan ciddi narkotik aludəçulərindən, həmçinin köhnə zənci caz müğənnilərindən gəlir. Əsl “səbəbkarlar” tərəfindən yaradılıb istifadə olunan terminologiya indi artıq dəyişib, lakin mənim siqaret istədiyim oğlanlar kimi südəmərlər hələ də 1932-ci ilin jarqonları ilə danışırlar.

Marixuananın sənət yaratmaq gücünüdə olmasına gəlincə, bu şübhəlidir, özü də olduqca çox. Dekvinsi bir neçə babat şey yazıb, onun “Opium udan”əsəri isə, bambaşqa bir üslubda yazılıb, əlbəttə bəzi darıxdırıcı yerlərini çıxmaq şərtilə. Həm də sənətkarların çoxu, hər şeyi sınaqdan keçirməyə can atırlar. Onlar eksperimentə, çılğınlığa, intihara bağlı adamlardır. Lakin, marixuana sənət yarandıqdan sonra ortaya çıxıb. Həmçinin sənətkardan da sonra. Nəşə sənət filan yaradan deyil. Lakin, o tez-tez sənətkar üçün ilham vasitəsinə çevrilir, nəşəxorları bir yerə toplayanda həyat bayram olur, həm də birdən-birə insanlara qarşı ürəyiaçıq yanaşmağa xeyli kömək edir, bəlkə elə də ürəyiaçıqlıq deyil, heç olmasa hər şeyini, hamıdan gizlədən birisi olmursan.

1830 -cu illərdə bütün Paris Qotyenin evində həşiş çəkmə və seksual orqiya yığıncaqlarından danışırdı. Qotyenin bundan əlavə şeir yazdığı da məlum idi. İndi isə insanların yaddaşında əsasən onun yığıncaqları qalıb.

Gəlin məsələyə başqa tərəfdən yanaşaq: mənim şəxsən ot istifadə etdiyimə ya da üzərimdə gəzdirdiyimə görə tutulmağa heç həvəsim yoxdur. Bu ipdən asılımış qadın tumanını iylədiyinə görə zorlanma ittihamı ilə həbs olunmağa bənzəyir.

Nəşə sadəcə haqqında danışıldığı kimi gözəl bir şey deyil. Onun təsirinin böyük hissəsi, güya adamı göylərdə uçurdacağı ilə bağlı əvəvlcədən yaradılmış miflərə əsaslanır. Onu götürüb narkotika ilə eyni qoxuya malik, təsirsiz maddə ilə əvəzləsəniz, görəcəksiniz ki, çəkənlərin çoxu üzərlərində eyni effekti hiss edirlər: “Ey, quzum, nə qəşşşəng otdur, sadəcə super!”

Mənə gəlincə, mən ən çoxu iki-üç butulka pivə ilə zövqümü alıram. Qanunlara əməl etdiyimdən deyil, sadəcə nəşə haqqında şişirtmələr məni bezdirdiyi və zəif şəxsiyyətə çevirə biləcəyi üçün onu özümə yaxın buraxmıram. Ancaq marixuana təsirinin, alkoqol təsirindən fərqləndiyini qəbul edirəm. Nəşə çəkəndə dünyanı vecinə almadan, kefin nə kəsir edə bilərsən, lakin ən çox içən belə, lülqəmbər sərxoş olduğunu anlayır. Mənsə köhnə məktəbə aidəm, məni nəyin tutduğundan xəbərdar olmaq çox xoşuma gəlir. Amma kimsə nəşələnmək, zəhər udmaq, iynələnmək istəyirsə etiraz etmirəm. Bu onun şəxsi işidir, onu bu işə nə cəlb edibsə, mütləq ciddi bir səbəb olub. Qurtardı getdi.

İndi çoxlu sayda əqli inkişafdan geri qalmış ictimai şərhçilər ortaya çıxıb. Mənə nə düşüb ki, durub yüksək intellektual sarsaqlamalarımı gözə soxum? Biz hamımız qoca kaftarlara qulaq asmaqdan bezmişik, onlar elə hey deyinirlər: “Ah, dəhşətdir ey bu, gör gənclər hansı yollara düşüblər, bu nəşə hamının evini yıxacaq! Məncə bu dünyanın sonudur!” Sonra durub bu qoca qarğaya baxırsan, nə göz var, nə diş var, nə beyin var, nə ruh var, nə göt var, nə ağız var, nə yumor var, nə hərəkət var, heç nə – başdan ayağa kütbeyin bir şeydir və sizə qəribə gəlsə də onun həyatı ancaq peçenye ilə çaydan, kilsə ya da evin bir küncündə bürüşməkdən ibarətdir. Həm də axı, qocalar gənclərin məşğuliyyətini görəndə heyrətlərini saxlaya bilmirlər: “Lənətə gələsən, mən ömrüm boyu inadla çalışmışam! (onlar elə bilir, bu nə isə ləyaqətli bir şeydir, əslində isə bu həmin adamın əsl axmaq olduğunu göstərir) Amma, bu adamlarda hər şey havadan başa gəlir, oturub nəşə qoxlayırlar və hələ bir dəbdəbəli həyata da ümid edirlər!” Sonra ona baxıb “Amin” – demək gəlir adamın içindən.

Onun sadəcə paxıllığı tutur. Onun anasını ağladıblar. Ən yaxşı illərini əlindən alıblar. Əslində onun da şənlənməyə ehtiyacı var. Əgər hər şeyi yenidən başlaya bilsəydi, dərd yarıydı, amma başlaya bilməz. Buna görə də onlar hamının özləri kimi əzab çəkmələrini istəyir. Bütün məsələ bundan ibarətdir. Nəşəxorlar bu zəhərə qalmış şeyi çox gözümüzə soxur. Polislər də bir yandan düşüblər bunların üstünə və tərgitməyi tələb edirlər, amma spirtli içkiləri içmək qanunla hər kəsə icazə verilib. Əgər lap çox içib özünü küçələrə atsan tutub içəri basacaqlar. İnsan övladına nə verirsən ver, hər şeyi korlayacaq, cırıb tökəcək, dağıdacaq. Əgər ABŞ -də nəşə çəkməyə rəsmi icazə verilsə, həyat daha rahat olar, amma əvvəlki problemlər yenə qalacaq. Məhkəmələr, həbsxanalar, qanunçular və qanun olduqca onları insan xoşbəxtliyinin əleyhinə istifadə edəcəklər. Marixuana istifadəsinə rəsmi icazə istəmək, qolunuza qandal taxmazdan əvvəl yağlanmasını tələb etmək kimidir, axı sizi bütün bunlara sövq edən ağrıdır. Nəşə ya da içki məhz ağrını ovutmaq üçün lazımdır, ya da şallaq və rezindən mazoxist paltarları ya da beyninizi bütün fikirlərdən azad edəcək qışqırıq dolu musiqilər. Elə olsun dəlixanalar, olsun əldə qayırma, mexaniki cinsiyyət orqanı, ya da bir sezona əlli iki beysbol matçı, ya da Vyetnam və ya İsrail, ya da hörümçəklərə qarşı qorxu, sevişməzdən qabaq hamamda saralımış, çürük dişlərini yuyan sevgililər.

Biri var birbaşa cavab, biri var mətnaltı mənalar. Biz hələ də mətnaltı mənalarla əlləşirik, çünki ya hələ yetkinləşməmişik ya da ürəyimiz istəyən şeyi birbaşa deməyə cəsarətimiz çatmayıb. Bir neçə əsr boyu, biz bunu xristianlıqla əlaqələndirirdik. Xristianları şirlərə atanlara qarşı çıxaraq, sonra onların bizi it poxuna salmalarına imkan verdik.

Biz kommunizmin orta səviyyəli adamın mədəsinə nə isə xeyri dəyəcəyini sanırdıq, ancaq o da insanın ruhuna heç nə vermir. İndi də durub narkotiklə oynayırıq, güya o bizə qapı açacaq. Şərq nəşəni, barıtı kəşf eləməzdən əvvəl tapmışdı. Onlar görürdülər ki, həm əzabları azalır, həm də ömürləri qısalır. Bir sözlə, çəkmək ya çəkməmək.
“Biz Ma-li-buuya gedirik ağsaqqal! Bəli, biz Mallllllibuuuuya gedirik!

Pardon, mən “Bull Darem” tütünündən eşmə papirosumu düzəldirəm. Bir qullab istəmirsiniz?

Çeviri: Namiq Hüseynli

 

 

 

Yeni Dünya Düzəni uğrunda Şahmat Taxtası
Zbiqnev Bjezinski 1928-ci ildə Polşada anadan olmuş, Amerikan politoloqu, sosioloqu, dövlət xadimidir. Bjezinski uzun illər ABŞ-ın xarici siyasət ideoloqlarından biri olub. 1977-1981-ci illərarası o Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik üzrə prezident müşaviri vəzifəsində çalışıb. Klintonun hakimiyyəti dövründə isə o NATO-nun şərqə doğru genişləndirilməsi layihəsinin müəllifi olub.
Bjezinski ABŞ-ı dünya hegemoniyası hesab edir və bu rolun yaxın 10-25 il ərzində başqa ölkəyə verilməsini mümkün hesab etmir. O, SSR-i, ya da Rusiyanı İkinci Dünya müharibəsi illərində olduğu kimi Almaniya, Yaponiya ilə bərabər ABŞ-ın rəqibi hesab edir və onun zərərsizləşdirilməsini daim çıxışlarında xatırladır.

“Əgər ruslar imperiyalarını yenidən bərpa etmək kimi bir axmaqlığa cəhd etsələr, özlərini elə münaqişələrə salacaqlar ki, Çeçenistan və Əfqanıstan onun yanında piknik istirahəti kimi gələcək”.

“Biz Sovet İttifaqını dağıtdıq, Rusiyanı da dağıdacağıq. Başqa şansımız yoxdur”.

“Rusiya ümumiyyətlə, artıq ölkədir”.

“Pravoslaviya Amerikanın əsas düşmənidir”.

“Məncə Qərb Putindən qorxmamalıdır, hətta o heç bizə qarşı ən cəlbedici fiqur da deyil. O mahiyyətcə rusların milli özünüdərk ərəfəsində ortaya çıxmış tipik rus avtokratıdır. Qərb şəxsi maraqlarını dəqiq müəyyən etməli və onları müdafiə etməyi bacarmalıdır. Rus imperiyasının yenidən qurulması ilə bağlı istənilən cəhdin qarşısını Rusiya ilə ortaq maraqlarda əməkdaşlıq etməklə almalıdır”.

“Rusiya – məğlub edilmiş səltənətdir. O nəhənglərin savaşında uduzub. İndi isə deyir ki, “məğlub olan Rusiya deyil, Sovet İttifaqıydı” – deməli gerçəklikdən qaçır. Əslində isə bu Sovet İttifaqı adlanan Rusiya idi. O Rusiyaya meydan oxuyurdu. O məğlub olub. İndi Rusiyanın böyük səltənət olması illüziyasına aldanmaq olmaz. Belə düşüncədən qaçmaq lazımdır… Rusiya doğranacaq və ayrı-ayrı dövlətlərin vassallığı altına salınacaq.

“Rusiya ya imperiya, ya da demokratik dövlət olmalıdır, ancaq o eyni zamanda hər ikisindən ola bilməz. Əgər Rusiya Avrasiya dövləti kimi qalsa, Avrasiya məqsədlərinə xidmət etməlidir, bu halda o imperiya kimi qalacaq, imperiya ənənələrinə sadiq Rusiyanı isə dünyadan təcrid etmək lazımdır. Biz bu vəziyyətə seyirci qalmayacağıq. Bütün Avropa dövlətləri və Birləşmiş Ştatlar Rusiyaya qarşı münasibətdə vahid cəbhə halında birləşməlidir”.

“Rusiya kimi böyük miqyaslı, on saat qurşağını tutan bir ölkə əslində uğurla inkişaf edə bilər. Lakin bunun üçün o mərkəzləşdirilməməli, illərlə eyni vəzifəni tutan, get-gedə daha çox parazitləşən elita tərəfində idarə olunmamalıdır”.

“Rusiyanı Avropa hissəsi, Sibir Respublikası və Uzaq şərq Respublikası kimi üç müstəqil konfederasiyaya bölsəydilər Avropa və Mərkəzi Asiyanın yeni yaranmış dövlətləri, həmçinin şərq dövlətləri ilə sıx iqtisadi münasibətlər qurub, bununla Rusiyanın inkişafını sürətləndirə bilərdilər”.

“Rusiyanın beynəlxalq arenada mühüm rola sahib olması üçün bircə geostrateji seçimi var” – bu Avropa Birliyi və NATO tərəfində genişəndirilən transatlantik Avropaya daxil olmaqdır.

“Yeni Dünya Düzəni Rusiyaya qarşı, Rusiyanın xarabalıqları üzərində və Rusiyanın hesabına qurulacaq”.

“Rusiyanın neçə çemodan nüvə silahı olursa olsun, ancaq neçə ki rus elitasının 500 milyard dollar pulu bizim banklarda yatır, onda bu elitanın kimə məxsus olduğunu müəyyən etmək lazımdır. Sizinmi, yoxsa artıq bizim?”

“Sovet İttifaqından öncə də mövcud olan bütün imperiyalar son nəticədə daxildən dağılıb hissələrə ayrılıb. Onlar daha çox birbaşa xarici hərbi məğlubiyyətlərin deyil, daxildən dezinteqrasiya (qapalı cəmiyyət), sürətlənən iqtisadi və sosial problemlərin qurbanı olub”.

Bir şərh yazın